Ançelotti: “Braziliya millisini çalışdırmaq böyük çağırışdır”

“Real”ın baş məşqçisi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti Braziliya millisinin sükanı arxasına təyinatını şərh edib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Ayın 26-dan (may ayı – redaktorun qeydi) mən Braziliya millisinin baş məşqçisi olacağam. Bu, böyük bir çağırışdır, amma mən hələ də “Real”ın baş məşqçisiyəm. Mən bu böyük macəranın bu hissəsini yaxşı başa vurmaq istəyirəm. Niyə mənim gedişim rəsmi oldu? Çünki Braziliya Futbol Konfederasiyası (CBF) müvafiq bəyanatı dərc etdi, ayn 26-dan isə mən bu milli komandannı baş məşqçisi olacağam.

“Real” isə rəsmi bəyanatını istədiyi vaxt verəcək. Bunda heç bir fitnə-fəsad yoxdur. Mən onların bunu nə vaxt edəcəklərini bilmirəm. Mənim əlavə edəcəyim heç nə yoxdur”, deyə təcrübəli mütəxəssis vurğulayıb.

Əlavə edək ki, italiyalı məşqçi Braziliya millisini tamhüquqlu əsasda çalışdıracaq ilk əcnəbi mütəxəssis olacaq. Mayın 26-da işə başlayacaq 65 yaşlı mütəxəssisə oğlu Davide Ançelotti köməkçi olacaq. “Papa Karlo” “selesao”nu 2026-cı ildə Şimali Amerikada baş tutacaq dünya çempionatına hazırlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: