İspaniya La Liqasının “Sevilya” ilə 37-ci tur oyunu (2:0) “Real”ın 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik üçün xoşagəlməz bitib.
Arena.az “Real”ın rəsmi sayıtna istinadən məlumat verir ki, Endrik sağ ayağının dizaltı vətərini zədələyib.
Futbolçu yayda ABŞ-da keçiriləcək FIFA Klub Dünya Kubokunda “qaymaqlılar”a kömək edə bilməyəcək. Endrikin bərpa müddəti haqda məlumat açıqlanmayıb.
Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik “Real”ın heyətində ümumilikdə 37 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


