Argentina millisinin və “İnter Mayami”nin 37 yaşlı hücumçusu Lionel Messi futbolçu karyerasındakı ən gözəl qoldan söhbət açıb.
Arena.az argentinalı ulduzun müvafiq fikrini təqdim edir:
“Mən çoxlu qollar vurmuşam. Güman ki, daha da gözəlləri və qiymətliləri olub, o cümlədən onların vacibliyi baxımından, amma UEFA Çempionlar Liqasının final oyununda “Mançester Yunayted”in qapısına başla vurduğum qol, mənim üçün həmişə sevimli olub”, deyə “Leo” vurğulayıb.
Xatırladaq ki, Messi “qırmızı şeytanlar”ın qapısına “Barselona”da çıxış edərkən, Çempionlar Liqasının 2008/2009-cu illər mövsümünün final oyununda yol tapıb. İspaniya nəhəngi həmin görüşdə 2:0 hesablı qələbəyə sevinib.


