Uruqvaylı qapıçı Fernando Muslera 2024/2025-ci illər mövsümünün sonunda Türkiyənin “Qalatasaray” klubundan ayrılacağını açıqlayıb.
Arena.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə xüsusi mətbuat konfransında bildirib.
O, sabah İstanbul təmsilçisində sonuncu matçına çıxacağını söyləyib:
“Qürur duyduğum 14 ildən sonra əldə etdiyimiz uğurlara görə hər kəsə təşəkkür edirəm. “Qalatasaray”a gəlmək həyatımın ən yaxşı qərarı idi. Fatih Terimə, Taffarelə və məni bura gətirən hər kəsə təşəkkür edirəm. Komanda yoldaşlarımın hər birinə təşəkkür edərək davam etmək istəyirəm. Böyük məşqçilərlə gözəl illər keçirmişəm. Prezidentimizə təşəkkür edirəm. O, mənim üçün bir prezidentdən də artıqdır, böyük qardaşdır. Okan Buruka çox təşəkkür edirəm. Türkiyənin ən yaxşı məşqçisi olduğunu göstərdi.. Mən mətbuata da təşəkkür etmək istəyirəm. Bu prosesdə yarışdığımız klubların prezidentlərinə də təşəkkür edirəm. Kəmərburqazda və Floryada əməyi keçən hər kəsə təşəkkür edirəm. Əgər unutduğum insanlar varsa, onlardan üzr istəyirəm”.
Fernando Muslera 2011-ci ilin avqust ayından “Qalatasaray”da çıxış edir. Uruqvaylı qolkiper bu komandanın heyətində bütövlükdə 550 oyun keçirib. O, bu oyunlarda 592 qol buraxıb, 194 qarşılaşmada isə qapısının toxunulmazlığını təmin edə bilib.
Muslera 14 illik “Qalatasaray” karyerası ərzində 19 kubok qazanıb:
Super Liqa: 2011/2012, 2012/2013, 2014/2015, 2017/2018, 2018/2019, 2022/2023, 2023/2024, 2024/2025
Türkiyə Kuboku: 2013/2014, 2014/2015, 2016/2016, 2018/2019, 2024/2025.
Türkiyə Super Kuboku: 2012, 2013, 2015, 2016, 2019, 2024.
Muslera 2016-cı ildə Türkiyədə “İlin futbolçusu” mükafatını qazanıb. O, 2014/2015 və 2018/2019 mövsümlərində də ən yaxşı qapıçı elan edilib.
Fernando Muslera daha öncə İtaliyada “Latsio”nun, ölkəsində isə “Nasional” və “Montevideo Uonderers” klublarının da formasını geyinib.
Təcrübəli qolkiper 2009-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasında bütövlükdə 133 oyun keçirib. O, bu oyunlarda 135 qol buraxıb, 54 matçda qapısını toxunulmaz saxlayıb.
Muslera milli komandanın heyətində DÇ-2010, DÇ-2014 və DÇ-2018-in iştirakçısı olub və bütövlükdə 16 oyunda yığmanın qapısını qoruyub. O, DÇ-2022-də də millinin heyətində yer alıb, amma meydana çıxmaq şansı qazanmayıb. Muslera həm də Uruqvay milli komandasının heyətində 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb.


