Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”nin hücumçusu Davit Volkov futbol üzrə Gürcüstan milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı futbolçu zədələnimiş Budu Zivzivadzenin (“Haydenhaym”, Almaniya) əvəzinə heyətə çağırılıb.
Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoxlama oyunları keçirəcək.
2020-2022-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıtmış Volkov bu komandanın heyətində 111 oyuna çıxıb, 38 qol və 18 məhsuldar ötürmə müəllifi olub.
Gürcü hücumçu Azərbaycanda “Qəbələ” (34 oyun, 10 qol və 1 assist) və “Sabah”ın (71 oyun, 19 qol və 7 assist) da formasını geyinib.
Volkov ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da da oynayıb.
Davit Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb. Son illərdə isə hücumçu ölkəsinin əsas komandasından kənarda qalmışdı.


