İtaliyanın “Torino” klubu gözlənilməz bir qərar qəbul edərək baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırıb, bu posta Marko Baronini gətirib.
Arena.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Paolo Vanoli 2024-cü ilin iyul ayından “Torino”ya rəhbərlik edirdi. 52 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 40 oyuna çıxarıb. Turinlilər bu görüşlərdə 11 qələbə, 14 heç-heçə və 15 məğlubiyyət görüblər. “Torino” A Seriyasında geridə qalmış mövsümü 44 xalla 20 iştirakçı arasında 11-ci sırada başa vurub.
Vanoli daha öncə “Venesiya”, “Spartak” (Mosvka) komandalarına, həmçinin İtaliyanın U-16, U-18 və U-19 yığmalarına da rəhbərlik edib.
“Torino” rəhbərliyinin digər qərarına əsasən, bir neçə gün öncə “Latsio”dan istefaya göndərilmiş Marko Baroni Turin komandasının yeni baş məşqçisi təyin edilib. 2 illik müqaviləyə imza atmış 61 yaşlı italyan mütəxəssis yeni vəzifəsinin icrasına iyulun 1-dən etibarən başlayacaq.
Marko Baroni 2024-cü ilin iyulundan bəri “Latsio”ya rəhbərlik edirdi. İtalyan məşqçi “qartallar”ın sükanı arxasında 52 oyuna çıxıb, 27 qələbə, 13 heç-heçə və 12 məğlubiyyət görüb. Baroni daha öncə “Rondinella”, “Montevarçi”, “Karrareze”, “Südtirol”, “Ankona”, “Syena”, “Kremoneze”, “Virtus Lansano”, “Peskara”, “Novara”, “Benevento”, “Frozinone”, “Recina”, “Leççe” və “Verona” kimi komandalara da rəhbərlik edib.


