“İnter”in baş məşqçisi, 44 yaşlı rumın mütəxəssis Kristian Kivu “neradzurri”nin sükanı arxasında ilk qələbəsini şərh edib.
Arena.az məlumat verir ki, Kivunun “İnter”lə ilk qələbəsi 2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Urava Red Daymonds”la 2-ci tur oyununa təsadüf edib – “neradzurri” 2:1 hesablı əzmkar qələbə qazanıb.
“Biz yaxşı oynadıq. Bu, hamının peşəkarcasına yanaşdığı bir oyun idi. Biz rəqibə fəsadlar yaratmaq üçün hər şeyi etməyə cəhd etdik. Etiraf etmək lazımdır ki, onlar çox təşkilatlanmış idilər. İkinci hissədə biz cinah ötürmələrini mümkün olduqca daha yaxşı istifadə etməyə çalışdıq və inamımızı sona qədər qoruyub-saxladıq. Mən komandamla qürur duyuram – oyunçularım tam güclərini ortaya qoydular.
Müvafiq surətdə dərin müdafiəyə çəkilmiş komandaya qarşı hər hansı taktiki quruluşdan danışmaq çətindir. Müvafiq yanaşmamızı oyunun sonuna qədər qoruyub-saxlamaq istərdim, amma biz qol buraxdıqdan sonra, rəqibin cərimə meydançasında fəaliyyətimizi artırmağımız gərək oldu və hava ötürmələri üçün fürsətlər yaratmağa cəhd etdik”, deyə Kivu bildirib.
İki turdan sonra “İnter”in yer aldığı “E” qrupunda yarış cədəvəli belə mənzərə yaradır:
- “River Pleyt” – 4 xal;
- “İnter” – 4 xal;
- “Monterrey” – 2 xal;
- “Urava Red Daymonds” – 0.


