Siyasət Əsgərov Belarusa məğlubiyyətin səbəbini açıqladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Belarus yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, millimiz ötən gün baş tutmuş yoxlama oyununda 0:3 hesablı məğlubiyyətə üzülüb.

Siyasət Əsgərov bu oyunla bağlı AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Məğlubiyyətin əsas səbəblərindən biri 5 futbolçumuzun zədəli olması idi. Bizdə elə mövqelər var ki, orada çıxış edən oyunçu zədə aldıqda bunun çətinliyini yaşayırıq. Digər səbəb bir çox futbolçumuzun çıxış etdiyi Türkiyə çempionatında mövsümün bir müddət əvvəl başa çatmasıdır. Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər. Belarus yığması isə yüksək keyfiyyətə malik komandadır, əksər oyunçuları Rusiyanın yüksək liqasında çıxış edir. Həm Rusiyada, həm də Belarusda çempionat davam edir. Bu məqamlar oyuna və nəticəyə təsirsiz ötüşməyə bilməzdi”.

Siyasət Əsgərov heyətə yeni cəlb edilən futbolçuların durumundan razı qalıb:

“Zədəlilərin yerinə milliyə yeni gənc futbolçular dəvət etdik. Bəziləri ilk dəfə idi ki, millinin heyətində çıxış edirdilər. Özünü yaxşı tərəfdən göstərənlər oldu. Onları gələcəkdə komandaya qazandıra bilərik”.

Baş məşqçi Belarus yığması ilə iyulun 1-də Minskdə keçiriləcək ikinci yoxlama görüşü barədə də təəssüratlarını bölüşüb:

“İlk matçı təhlil edərək, səhvlərimizin üzərində çalışacağıq. Belarusla ikinci görüşdə bunları təkrarlamamaq önəmli olacaq. İkinci oyunda daha yaxşı nəticə üçün mübarizə aparacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: