Teo Ernandes “Milan”dan getdi – Rəsmi

“Milan”ın fransız sol cinah müdafiəçisi Teo Ernandes İtaliya klubundan ayrılaraq Səudiyyə Ərəbistanına üz tutub.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanın əsas sol cinah müdafiəçisi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

“Əl-Hilal” bu transfer üçün “Milan”a 25 milyon avro ödəyib. Ernandes yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, bu müqaviləyə əsasən bonuslar xaric 60 milyon avro qazanc əldə edəcək.

Teo Ernandes futbola “Rayo Maxadahonda” klubunda qədəm qoyub və buradan Madrid “Atletiko”suna keçərək, böyük futbolda debüt edib. Ardınca Ernandes “Alaves”, “Real” və “Real Sosyedad”da oynayıb.

“Milan” Ernandesi 2019-cu ilin iyul ayında 22,8 milyon avro məbləğ müqabilində “Real”dan tamhüquqlu əsasda “rossoneri”nin düşərgəsinə qatmışdı. Fransalı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Geridə qalmış mövsümdə Ernandes “Milan” üçün bütün yarışlarda 49 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Ernandesin “Milan”ın heyətində çıxışının ümumi mənzərəsi 262 oyun, 34 qol, 45 məhsuldar ötürmədən ibarətdir.

Teo Ernandes 2021-ci ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 38 oyuna 2 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet portalı 27 yaşlı fransız sol cinah müdafiəçisinin transfer dəyərini 35 milyon avro məbləğ müqabilində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: