Futbol üzrə Rumıniya millisinin qapıçısı Horatsiu Moldovan Madrid “Atletiko”sundan icarə əsasında “Real Ovyedo”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
La Liqanın yeni təmsilçisi 27 yaşlı qolkiperi bir mövsümlük icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Rumıniya millisinin qapıçısı 2023-cü ilin yayında Buxarest “Rapid”indən “Atletiko”ya keçib. O, ötən mövsüm İtaliyanın “Sassuolo” klubunda icarə əsasında çıxış edib, burada 27 oyun keçirib, 27 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb. Moldovana “Atletiko”nun əsas komandasında debüt etmək mümkün olmayıb.
Horatsiu Moldovan karyerası ərzində “Rapid”, “Ripensiya”, “Hermanştadt”, “Energikianul”, “UTA Arad” kimi klublarda da forma geyinib. Qolkiper 2022-ci ilin noyabr ayından formasını geyindiyi Rumıniya milli komandasının heyətində 14 oyuna çıxıb, 12 qol buraxıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.


