Ötən mövsümü İspaniyanın “Rayo Valyekano” klubunda keçirmiş Xoni Montiel bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, klub tam adı Xonatan Montiel Kabalyero olan ispaniyalı futbolçunun keçidini rəsmiləşdirib. 26 yaşlı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameyilli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Xoni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burxos” klublarında icarədə olub.
Xoni Montiel İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib, əsas millidə isə debüt şansı qazanmayıb.
Xatırladaq ki, Ağdam klubu bunadək dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Semi Mmaeni heyətinə qatmışdı. Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli, Redon Cica və Rüstəm Əhmədzadə isə komandanı tərk ediblər.


