“Qarabağ”, “Sabah” və “Araz”ın növbəti rəqibi bəlli olur

Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ”, “Sabah” və “Araz-Naxçıvan”ın növbəti rəqibləri bu gün müəyyənləşəcək.

Arena.az xəbər verir ki, bu gün həm UEFA Çempionlar Liqasında, həm də Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

ÇL-in püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Azərbaycan çempionu “Qarabağ”ın “Şkendiya” (Şimali Makedoniya) ilə duelinin qalibi “Bodo Qlimt” (Norveç), “Seltik” (Şotlandiya), “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və ya “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

Xatırladaq ki, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda reallaşacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşkü atllacaq. Bu zaman “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) cütünün məğlubunun da rəqibi bəlli olacaq. Avroliqada pley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu cütlük püşkatmada səpələnməmişlər səbətində yer alacaq və səpələnmişlər siyahısında aşağıda adları qeyd edilən komandalardan birinə rəqib olacaq:

“Hamrun” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi (Avroliqa)
“Yanq Boyz” (İsveçrə)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu (Çempionlar Liqası)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu (Çempionlar Liqası)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Daha sonra Avropa Konfrans Liqasındakı təmsilçilərimizin – “Sabah” və “Araz Naxçıvan”ın da potensial rəqibləri bəlli olacaq. İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasiminə saat 16:00-da start veriləcək.

Hazırda hər iki klubumuz Konfrans Liqasının 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” (Sofiya) klubu ilə qarşılaşacaq. Püşkatmada “Araz-Naxçıvan” – “Omoniya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” – “Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

“Sabah”ın potensial rəqibləri
“Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Anderlext” (Belçika) – “Şerif” (Moldova)
“Luqano” (İsveçrə) – “Çelye” (Sloveniya)
“Rayo Valyekano” (İspaniya)
“Strasburq” (Fransa)

“Araz-Naxçıvan”ın potensial rəqibləri
“Riqa” (Latviya) – “Beytar” (Yerusəlim, İsrail) cütünün qalibi
PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu (Avroliqa)
“Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç) cütünün qalibi
“Hakken” (İsveç) – “Brann” (Norveç) cütünün məğlubu (Avroliqa)

Qeyd edək ki, Konfrans Liqasında pley-off oyunları 21 və 28 avqustda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: