Vatslav Çernı “Beşiktaş”da!

Çexiya millisinin və Almaniyanın “Volfsburq” klubunun cinah hücumçusu Vatslav Çernı bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

27 yaşlı hücumçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. Türkiyə nəhəngi çexiyalı vinger üçün Almaniya klubuna 6 milyon avro təzminat ödəyib.

“Pribram” və “Ayaks” klublarının yetirməsi olan Vatslav Çernı karyerası ərzində “Utrext”, “Tvente”, “Reyncers” kimi klubların da formasını geyinib. Çexiyalı vinger 2023-cü ildə 8 milyon avro müqabilində keçdiyi “Volfsburq”un heyətində 28 oyun keçirib, 6 qol və 1 assistlə yadda qalıb.

Çernı 2020-ci ildə debüt etdiyi Çexiya milli komandasının heyətində 26 oyuna çıxıb. O, bu görüşlərdə 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

“Beşiktaş” bir oyunçusunu satdı, ikisini icarəyə verdi

“Beşiktaş” bir neçə oyunçusu ilə də yollarını ayırıb. Belə ki, Əl-Musrati İtaliyanın “Verona” klubuna keçib. A Seriyası təmsilçisi 29 yaşlı liviyalı futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. İtaliya klubu futbolçunun bir mövsümlük icarəsi üçün “Beşiktaş”a 2 milyon avro ödəyəcək.

Xatırladaq ki, Əl-Musrati ötən mövsümün ikinci dövrəsini də “Monako”da icarədə keçirmişdi. O, karyerası ərzində Portuqaliyanın “Braqa”, “Gimaraynş”, “Rio Ave” komandalarında da oynayıb. Əl-Musrati Liviya yığmasında 40 oyun keçirib.

“Beşiktaş”ın kamerunlu dayaq yarımmüdafiəçisi Jan Onana da İtaliyanın digər klubu “Cenoa”ya keçib. Sözügedən klub da 25 yaşlı oyunçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

“Leyksoeş” və “Lill” klublarının yetirməsi sayılan Jan Onana “Beşiktaş”dan öncə “Muskron”, “Bordo”, “Lans” kimi klublarda çıxış edib. 2023-cü ildə İstanbul klubuna cəlb edilmiş yarımmüdafiəçi bu komandanın heyətində cəmi 16 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Onana ötən mövsümü Fransanın “Olimpik” (Marsel) klubunda icarədə keçirib.

“Beşiktaş”ın gənc futbolçusu Keni Arroyo da “Kruzeyro”ya keçib. Braziliya klubu 19 yaşlı hücumçunun keçidi üçün Türkiyə nəhənginə 8 milyon avro ödəyib. Arroyo yeni klubu ilə 2029-cu ilin 31 dekabrına qədər anlaşıb.

Xatırladaq ki, Keni Arroyo cari ilin əvvəlində yetirməsi olduğu “İndependyente”dən 5,67 milyon avro müqabilində “Beşiktaş”a keçmişdi. Ekvadorlu vinger “qara qartallar”ın heyətində 14 oyuna çıxıb, 2 qola imza atıb. O, Ekvador yığmasında da 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: