Serxio Buskets vida tarixini açıqladı

ABŞ klubu “İnter Mayami”də çıxış edən Serxio Buskets mövsümün sonunda peşəkar futbolçu karyerasına son qoyacağını açıqlayıb.

Arena.az xəbər verir ki, 37 yaşlı futbolçunun MLS klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 31 dekabrına qədər qüvvədə olsa da, ispaniyalı futbolçu noyabr və ya dekabr ayında karyerasını başa vurmağı planlaşdırır.

Buskets sosial şəbəkə hesabındakı paylaşımında həm futbola, həm də bütün azarkeşlərə ürəkdən təşəkkür etdiyini bildirib:

“Həm futbola, həm də bütün azarkeşlərə ürəkdən təşəkkür edirəm. Siz hər zaman bu möhtəşəm hekayənin bir hissəsi olacaqsınız”.

Xatırladaq ki, Buskets “İnter Mayami”yə 2023-cü ilin iyulunda keçib. Serxio 2005-ci ildən “İnter Mayami”yə keçənə qədər “Barselona”da çıxış edib.

MLS-in cari mövsümündə Buskets “vağlar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 10 məhsuldar ötürmə ilə fərqlənib. Onun “İnter Mayami” karyerası bütövlükdə 105 oyun, 1 qol və 16 assistdən ibarətdir.

“Barselona”nın heyətində bütün mümkün ali klub qənimətlərini qat-qat muzeyinə yığmış Buskets “İnter Mayami” ilə 2023-cü il mövsümündə Liqalar Kubokunu qazanıb, ötən mövsüm isə MLS-in Şərq Konfransının qalibi olub.

Serxio Buskets 2009-cu ilin aprelində debüt etdiyi İspaniya yığmasının heyətində 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə verib. Buskets İspaniya yığması ilə dünya çempionatının (DÇ-2010) və Avropa çempionatının (AÇ-2012) qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı veteran futbolçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: