Ozan Can Kökçü “Zvolle”yə qarşı 17 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 7-ci turunda “Zvolle” ilə qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ozan bu matçın 73-cü dəqiqəsindən etibarən mübarizəyə qoşulub.

“Volendam” 7 turdan sonra 7 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Ozan bu oyunların hamısında iştirak edib, 1 qol vurub.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, 2024-cü il iyul ayından HJK-da çıxış edirdi. Ozan həmin vaxt Finlandiya klubu ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: