Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf FIFA prezidenti Canni İnfantinoya təşəkkür edib.
Arena.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Rövşən Nəcəf paylaşımında bunları qeyd edib:
“FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək. Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, bu gün FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.


