AFFA prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini MDB Oyunlarında ikinci olması münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, Qəbələdə keçirilmiş 3-cü MDB Oyunlarının final oyununda U-16 millimiz Rusiya yığması ilə qarşılaşıb.
2:3 hesabıyla məğlub olmuş komandamız bu turnirin gümüş mükafatçısı olub. Qarşılaşmadan sonra Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası ölkəmizdə keçirilən 3-cü MBD Oyunlarında gümüş medal qazanıb. Gənc futbolçularımızı və məşqçilər heyətini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram. Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır”.
Xatırladaq ki, qrupda Tacikistan (1:0) və Qırğızıstan (4:0) yığmaları üzərində qələbə qazanmış U-16 millimiz final görüşündə də 2:0 hesabıyla öndə olub. Lakin yekunda Rusiya seçməsi 3:2 hesablı əzmkar qələbə sayəsində çempion olub.


