Futbol üzrə Ukrayna yığma komandasının hücumçusu Ruslan Malinovski Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ukrayna yığması ötən gecə Polşada qəbul etdiyi Azərbaycan millisi üzərində 2:1 hesablı qələbəyə sevinib.
İtaliyanın “Cenoa” klubunun şərəfini qoruyan Ruslan Malinovski matçdan sonra jurnalistlərə açıqlamasında meydanda bütün gücünü qoyduğunu deyib:
“Əlbəttə, yorulmuşam. Uzun zamandır bu cür tempdə oynamamışdım. Asan olmadı, amma bütün gücümü meydana qoydum. Komandaya görə çox şadam. Birinci hissədə çoxlu qol epizodları yaratdıq, lakin son ötürmələrdə bir qədər dəqiqlik çatmadı. Bəzi səhvlər etdik, adətən bizdə belə olmur. Amma ən vacibi nəticədir”.
Malinovski rəqiblərin getdikcə gücləndiyini də vurğulayıb:
“Görürük ki, bütün yığmalar, hətta Azərbaycan belə, futbol oynamağı bacarır. Oyun asan olmadı, amma düşünürəm ki, əsas məsələ qələbədir. İndi növbəti oyuna hazırlaşırıq. İslandiyada meydan sərt idi, top daha sürətli hərəkət edirdi. Burada isə meydan daha yumşaq idi, çoxlu qum var idi. Bədən buna fərqli reaksiya verir, əzələlər başqa cür işləyir. Məşqdə artıq hiss edirdim ki, ayaqlarım yorulub, amma dözmək lazım idi”.
Xatırladaq ki, 4 turdan sonra Ukrayna 7 xalla D qrupunda ikinci yerdə qərarlaşıb. Fransa 10 xalla birincidir, İslandiya 4, Azərbaycan isə 1 xal toplayıb. Noyabrda Ukrayna millisi Fransa və İslandiya ilə həlledici qarşılaşmalara çıxacaq. Azərbaycan millisi də gələn ay məhz Fransa və İslandiyanı qəbul edəcək.
Ruslan Malinovski Azərbaycan millisi ilə matçda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu bu matçın ən yaxşı oyunçusu seçilib.



