Azərbaycan təmsilçisi “Abşeron Lions” komandası bu gün basketbol üzrə FIBA Avropa Kubokunda mübarizəyə start verib.
Arena.az xəbər verir ki, sözügedən komanda mövsümün ilk matçında Estoniya təmsilçisi “Kalev”i qəbul edib.
Bakı İdman Sarayında keçirilmiş matç rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, I qrupunun ilk görüşündə Azərbaycanın “Neftçi” komandası da Polşada “Trefl”ə uduzmuşdu – 63:92.
“Abşeron Lions”un baş məşqçisi Erhan Toker matçdan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis mətbuat konfransında bunları söyləyib:
“Qrup oyunlarına qələbə ilə start vermək istəyirdik. Rəqib Avropa turnirlərində müəyyən təcrübəyə malik komandadır. Bu mənada aqressiv oynamağa çalışdıq. Bir neçə gün idi ki, bu qarşılaşmaya hazırlaşırdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Rəqib matç ərzində asan xallar qazandı. Oyunun sonlarında göstərdiyimiz əzmi daha əvvəldən göstərsəydik, qələbə qazana bilərdik. Lakin hesabda 15 xallıq fərqlə geriyə düşdükdə, bunu aradan qaldırmaq çətin olur. Qarşılaşmanın əvvəlində rəqib sərt oynayırdı. Biz sərt mübarizə aparmağa başladığımızda artıq müəyyən qədər gec idi. Komanda olaraq Avropa Kubokunda mübarizə aparmağı öyrənirik”.


