Vensan Abubakar “Neftçi” ilə rəsmi müqaviləyə imza atdı

Futbol üzrə Kamerun milli komandasının hücumçusu Vensan Abubakar Azərbaycan klubu “Neftçi” ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, Abubakar bu gün Bakıdakı özəl klinikalardan birində müayinədən keçib.

Kamerunlu hücumçudan kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Futbolçunun sağlamlığında heç bir problem aşkarlanmayıb.

Vensan tibbi müayinələri uğurla tamamladıqdan sonra yeni klubu ilə rəsmi müqaviləyə imza atıb. Tərəflər 1+1 illik müqaviləyə razılaşıblar. Abubakar paytaxt təmsilçisinin heyətində 45 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, 33 yaşlı hücumçunun sonuncu iş yeri “Hatayspor” olub. O, Hatay təmsilçisinə 2024-cü ilin yayında qoşulmuş və bu klubla 1 illik müqaviləyə imza atmışdı. Super Liqa təmsilçisinin heyətində 28 oyun keçirmiş mərkəz hücumçusu bu görüşlərdə 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Vensan bu yay “Hatayspor”dan ayrılandan bəri işsiz idi. Bir sözlə o, “Neftçi” ilə azad agent kimi müqavilə bağlayıb.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: