Polşalı futbolçu Robert Levandovski İspaniya çempionu “Barselona”nın heyətində vurduğu qolların sayına görə Neymarı geridə qoyub.
Arena.az xəbər verir ki, 37 yaşlı hücumçu buna İspaniya La Liqasının 2025/2026-cı illər mövsümünün 12-ci turunda səfərdə “Selta” ilə matçda nail olub.
Bu qarşılaşmada rəqib qapısından 3 top keçirmiş təcrübəli forvard Kataloniya təmsilçisində 108-ci qoluna imza atıb. Neymar isə vaxtilə “Barselona”da 105 qol vurmuşdu.
Xatırladaq ki, “Barselona” “Selta”nı 4:2 hesabı ilə məğlub edib.
“Barselona” tarixinin ən çox qol vurmuş futbolçusu Lionel Messidir. Hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edən argentinalı ulduz vaxtilə Kataloniya təmsilçisinin heyətində 778 oyuna 672 qol vurub.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 12 oyuna çıxıb, 7 qol vurub.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 159 oyun, 108 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 161 oyun keçirib, 87 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


