İspaniya çempionu “Barselona”nın mərkəz yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az 28 yaşlı niderlandlı futbolçunun müvafiq cavabını təqdim edir:
“Dəqiq bilmirəm, amma “Barselona”da hələ çox illər keçirəcəyimi tamamilə mümkün hesab edirəm. Burda mənə çox rahatdır. Fikrimcə, yaxşı komandamız var, gələcəyimiz işıqlı görünür. Hiss edirəm ki, klubda qiymətləndirilirəm. Ailəmlə xoşbəxtik, burda uzun müddətə qalmağa şad olardım. Görək, hər şey necə alınacaq. Zaman göstərək…”, deyə De Yonq bildirib.
Xatırladaq ki, Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 273 oyun, 19 qol, 25 məhsuldar ötürmə.
Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 63 oyuna çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


