Dünya çempionatının seçmə mərhələsində uğurlu çıxışı ilə diqqət çəkən futbol üzrə İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb.
Arena.az xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən gecə səfərdə Gürcüstan yığmasını məğlub etməklə (4:0) nail olub.
Sözügedən komanda bütün yarışlarda ardıcıl 30 rəsmi matçda yenilməyib. Yığma bunların 25-də qələbə qazanıb, 5-də heç-heçə edib.
İspaniya seçməsinin əvvəlki rekordu 2010-cu ilin iyunundan 2013-cu ilin iyununa qədər qeydə alınıb. Milli həmin vaxt ardıcıl 29 görüşdə uduzmayıb.
Xatırladaq ki, İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirdiyi 5 oyunun hamısından qalib ayrılıb. Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv bu oyunlarda 19 qol vurduğu halda öz qapısını toxunulmaz saxlayıb.


