Lionel Messi “İnter Mayami”ni yarımfinala daşıdı – Video

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 1/4 final mərhələsi çərçivəsində “Sinsinnati” ilə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyunda möhtəşəm qələbəyə seviniblər – 4:0. Messi 90 dəqiqə meydanda olub, 1 qol vurub, digər qollarda da məhsuldar ötürməylə yadda qalıb.

Messi bu qol sayəsində MLS-in cari mövsmünün bombardirlər siyahısının ilk pilləsindəki mövqeyini möhkəmləndirib – 34 qol.

Messi həm də futbol tarixində 404-cü assistini edib. Bununla da o, tarixdə ən çox məhsuldar ötürmə verən iki futbolçudan birinə çevrilib. 38 yaşlı hücumçu bu göstəricidə əfsanəvi Ferents Puşkaşa çatıb.

“İnter Mayami” isə qələbə sayəsində MLS-in yarımfinalına yüksəlib. Sözügedən komanda növbəti mərhələdə “Nyu York Siti” ilə qarşılaşacaq. Qarşılaşma noyabrın 30-da Mayamidə keçiriləcək.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 47 oyuna 43 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 86 oyun, 77 qol və 41 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: