Kristiano Ronaldo qol vursa da, “Əl-Nəsr” yenə uduzdu

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turu çərçivəsində keçirilmiş “Əl-Qadisiya” ilə oyunun iştirakçısı olub.

Ronaldonun komandası ev oyunundan məğlubiyyətlə ayrılıb – 1:2. Portuqal futbolçu bu matçda 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 81-ci dəqiqədə məhz penaltidən dəqiq istifadə etmiş Kristiano vurub.

Beləliklə, ötən tur cari mövsümün ilk məğlubiyyəti ilə üzləşmiş “Əl-Nəsr” bu dəfə də oxşar nəticəyə üzülüb. 14 turdan sonra 31 xala malik bu komanda Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Əl-Nəsr”in ehtiyatda təxirə salınmış bir oyunu da var.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 17 oyuna 15 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 122 oyun, 108 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: