Antuan Semenyo “Mançester Siti”də!

Futbol üzrə Qana millisinin və “Bornmut”un cinah hücumçusu Antuan Semenyo bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Mançester Siti” rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Şəhərlilər” bu transfer üçün “Bornmut”a 72 milyon avro ödəyiblər. Bununla da Semenyo “Bornmut”un tarixinə düşüb. Belə ki, o, sözügedən klubun satdığı ən bahalı futbolçudur.

26 yaşlı vinger “Mançester Siti” ilə 5,5 illik (2031-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb. O, yeni klubunun heyətində 42 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Semenyo “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. “Bornmut” onu 2023-cü ilin yanvarında 10,25 milyon avro müqabilində heyətinə qatmışdı. Vinger sözügedən komandanın heyətində bütövlükdə 110 oyun keçirib, 32 qol vurub, 13 məhsuldar ötürmə verib.

Semenyo 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 32 matç keçirmiş futbolçu 3 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: