“Fiorentina”nın bosniyalı hücumçusu Edin Dzeko İtaliya klubundan azad agent kimi ayrılaraq Almaniya “Şalke”sinə qoşulub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu artıq yeni komandasında debüt də edib və tarixi nailiyyətə imza atıb.
Belə ki, o, Almaniya 2-ci Bundesliqasında “Kayzerslautern”ə qarşı keçirilmiş oyunda (2:2) fərqlənməklə turnir tarixinə ən yaşlı qol müəllifi kimi düşüb. Qol vurduğu anda 39 yaş, 10 ay və 8 günlüyündə olan Dzeko Helmut Hallerin rekordunu yeniləyib. 1979-cu ilin fevralından bəri qüvvədə olan əvvəlki rekordçu təxminən üç ay daha gənc olub.
Xatırladaq ki, Edin Dzeko “Jelezniçar”ın məzunudur. Hücumçu, karyerası ərzində “Teplitse”, “Usti-nad-Labem” (icarə), “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbağça” və “Fiorentina”da oynayıb.
Edin Dzeko 2007-ci ilin iyun ayında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 146 oyun keçirib, 72 qol vurub, 29 məhsuldar ötürmə verib. Oyun və qol sayına görə Dzeko milli komandanın mütləq rekordçusudur.
“Transfermark” internet portalı 39 yaşlı bosniyalı mərkəz hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


