Renat Dadaşov “Korona”ya qarşı 8 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində “Korona” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və inamlı qələbəyə sevinib – 2:0. Renat bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb.

23 turdan sonra 30 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 23 oyunda 7 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 15 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: