Kilian Mbappe də sıradan çıxdı

İspaniya La Liqasının 32-ci turunun “Betis”lə səfər oyunu “Real”ın hücumçusu Kilian Mbappe üçün uğursuz alınıb.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış bu qarşılaşmanı sona qədər davam etdirə bilməyib.

Fransalı forvard matçın sonlarına yaxın zədələnərək meydanı tərk edib.

“Kral klubu”nun yaydığı məlumata görə, 27 yaşlı futbolçuda sol budun arxa əzələsində yüklənmə (əzələ gərginliyi) aşkarlanıb. Onun bərpa müddəti barədə məlumat verilmir.

Xatırladaq ki, “Real”da Tibo Kurtua, Eder Militao, Arda Gülər, Orelyen Tçuameni və Rodriqo da zədə səbəbindən komandaya kömək edə bilmir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 41 oyuna çıxıb, 41 qol vurub, 6 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 100 oyun, 85 qol, 11 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 96 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: