Sərbəst güləş üzrə Avropa çempionu olmuş İslam Bazarqanov (57 kq) Albaniyadakı yarışla bağlı təəssüratlarını bölüşüb.
Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Allaha şükürlər olsun ki, qalib gələ bildim.
Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik. Bütün bunların faydasını da yarışda gördük”.
Xatırladaq ki, İslam Bazarqanov (57 kq) Albaniyanın paytaxtı Tiranadakı qitə birinciliyində mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz belaruslu Aryan Tiutrin üzərində inamlı qələbə (9:4) qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə heç bir şans tanımayan (11:1) İslam karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. O, finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.


