Vensan Kompani: “PSJ-yə daha çox qol vura bilərdik”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ilk oyunu ötən gecə Paris şəhərində keçirilib və Almaniya nəhənginin 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kompani bu oyunu tribunadan izləmək məcburiyyətində qalıb. Belçikalı mütəxəssis sarı vərəqə limitini doldurduğu üçün yarımfinalın ilk matçında diskvalifikasiya olunmuşdu. Bu üzdən də o, texniki zonada yer ala bilməyib.

Kompani oyundan sonra matçı tribunadan izləməyin xoşuna gəlmədiyini gizlətməyib və həmkarı Luis Enrikeyə də maraqlı mesaj ünvanlayıb. O, komandasının oyuna yüksək enerji ilə başladığını və hücumda təhlükəli anlar yaratdığını deyib:

“Meydanda əsl enerji var idi. Biz həm oyuna nəzarət edirdik, həm də təhlükə yaradırdıq. Beş qol buraxmaq yarımfinal səviyyəsində məğlubiyyət deməkdir, amma yaratdığımız imkanlara baxanda daha çox qol vura bilərdik”.

Vensan Kompani əlavə edib ki, nəticə xırda detallardan asılı olub:

“Bu cür matçlarda hər şey incə detallarla həll olunur. Növbəti oyunda da bu detallar həlledici olacaq. Evdə azarkeşlərimizlə birlikdə maksimum gücümüzü ortaya qoymalıyıq.

Oyuna tribunadan baxmaq xoşuma gəlmədi. Luis Enrikeyə dedim ki, bunu öz istəyi ilə niyə etdiyini anlamıram. Amma komandamın xarakter göstərməsi xoşuma gəldi. Bu, futbolsevərlər üçün əsl matç idi”.

Xatırladaq ki, bu komandalar arasında cavab qarşılaşması mayın 6-da, Münhendəki “Alyans Arena”da baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: