Futbol üzrə İngiltərə milli komandasının və “Barselona”nın sol vingeri Markus Raşford karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.
Arena.az xəbər verir ki, “Barsa” İspaniya La Liqasının 35-ci turu çərçivəsində ötən gecə “Real”ı məğlub edərək vaxtından əvvəl birinci yeri özü üçün təmin edib.
Bu, Raşfordun karyerasındakı ilk çempionluq tituludur. 28 yaşlı ingilis hücumçu “Real”la matçda ilk qolun müəllifi olub.
Qeyd edək ki, “Barselona” hazırda 91 xalla turnir cədvəlinin ilk sırasında yer alıb. Kataloniya təmsilçisinin ən yaxın izləyicisi “Real” isə 77 xalla ikincidir.
Xatırladaq ki, “Barselona” Raşfordu 2025/2026-cı illər mövsümünün sonuna qədər müddətə icarəyə götürüb. O, İspaniya nəhənginin heyətində 47 oyuna çıxıb, 14 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Markus Raşford “Mançester Yunayted”in məzunudur. İngilis futbolçu 2016-cı ilin yanvar ayından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edirdi. Raşfordun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi 426 oyun, 138 qol və 79 məhsuldar ötürmədən ibarətdir.
Raşford ötən mövsümün ikinci yarısını isə “Aston Villa”da keçirib, “şirlər” üçün 17 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Markus “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.
Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 70 oyuna, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


