Matteys de Liqt DÇ-2026-nı buraxacaq – Dəqiqləşdi

Futbol üzrə Niderland milli komandasının və “Mançester Yunayted”in mərkəz müdafiəçisi Matteys de Liqt DÇ-2026-nı buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Qırmızı şeytanlar”ın müdafiəçisi bu gün əməliyyat edilib. Futbolçunun bərpa müddəti açıqlanmasa da, onun qarşıdakı mundialda iştirak edə bilməyəcəyi dəqiqdir.

De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış edən De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. Niderlandlı müdafiəçi “Mançester Yunayted”ə 2024-cü ilin avqustunda məhz Almaniya nəhəngindən keçib. Onun İngiltərə klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Niderlandlı futbolçu MY-də 56 oyun keçirib, 3 qola imza atıb.

De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.

Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 52 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: