London “Arsenal”ının ispaniyalı baş məşqçisi Mikel Arteta futbol üzrə İngiltərə Premyer Liqasında unikal nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Ötən gecə London təmsilçisinin ölkə çempionluğu rəsmiləşib. Arteta turnir tarixində əvvəllər oyunçu kimi çıxış etdiyi komanda ilə məşqçi olaraq da titul qazanmış ilk mütəxəssis kimi tarixə düşüb.
Xatırladaq ki, Mikel Arteta 2011-ci ildən 2016-cı ilə qədər “Arsenal”da oynayıb. Bu müddət ərzində o, 150 matça çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Arsenal”la futbolçu kimi titul qazanmağa ən yaxın gəldiyi mövsüm klubdakı son mövsümü olub. O zaman “topçular” Premyer Liqanın gümüş medalını qazanıblar.
Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. O, bu müddət ərzində “topçular”ı 350 oyuna çıxarıb, 216 qələbə qazanıb, 60 heç-heçə edib, 74 məğlubiyyətə üzülüb.


