Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa mövsümün son oyunu öncəsi təşkil olunan mətbuat konfransında klubdan ayrılacağını açıqlayıb.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis paytaxt klubuna minnətdar olduğunu bildirib:
“Futbolçular məni daha yaxşı məşqçiyə çevirdilər və hər gündən zövq almağa vadar etdilər. “Real”dan böyük minnətdarlıq hissi ilə ayrılıram”.
İspaniya mətbuatının yaydığı məlumata görə, “Real”ın yeni baş məşqçisi Joze Mourinyo olacaq. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb. Hazırda isə təcrübəli məşqçi “Benfika”nı çalışdırır. “Real” Mourinyonun bu klubdan ayrılması üçün Portuqaliya təmsilçisinə təzminat ödəməli olacaq.
Xatırladaq ki, Alvaro Arbeloa bu ilin yanvar ayında “Real”a müvəqqəti baş məşqçi təyin edilib. Madrid təmsilçisi 43 yaşlı mütəxəssisin rəhbərliyi altında indiyə qədər 27 oyuna çıxıb. “Qaymaqlılar” bu görüşlərdə 17 qələbə qazanıblar, 2 heç-heçə ediblər, 8 məğlubiyyətə üzülüblər.


