UEFA-nın stadion inspektoru Skott Struters “Turan Tovuz” komandasının ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionuna baxış keçirib.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bu gün Skott Struters, eləcə də AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov “Turan Tovuz”un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda olublar. 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub.
Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.
Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.
Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb. Əyalət təmsilçisi avrokubok oyunlarını məhz Tovuz şəhər stadionunda keçirmək istəyir. Amma bundan ötrü UEFA-nın sözügedən arenaya müvafiq lisenziya verməsi lazımdır.


