“Atletiko” Dieqo Simeonenin dövründə ilk dəfə bu aqibəti yaşadı

“Atletiko” Dieqo Simeonenin baş məşqçiliyi dövründə ilk dəfə olaraq İspaniya La Liqasında bir mövsüm ərzində 70 xaldan az toplayıb.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi 2025/2026-cı illər mövsümünü 69 xalla dördüncü yerdə tamamlayıb.

Bu nəticə argentinalı mütəxəssisin klubdakı 14 mövsümlük dönəmində ən zəif göstərici kimi qeydə alınıb. Simeonenin rəhbərliyi dövründə bu komanda əvvəlki illərdə daha çox xal toplayıb.

Komandanın ən yaxşı nəticəsi 2013/2014-cü illər mövsümünə təsadüf edib. Həmin vaxt komanda 90 xal toplayaraq 1996-cı ildən sonra ilk dəfə La Liqa çempionluğunu qazanmışdı.

Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dieqo Simeone Madrid təmsilçisinin sükanı arxasında 800 oyun keçirib, 470 qələbə, 168 heç-heçə, 162 məğlubiyyət yaşaşıb. Bu oyunlarda “döşəkçilər”in top fərqi 1389:724 nisbətindədir.

Argentinalı mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: