Avstriyanın Qrats şəhərində gənclər arasında təşkil edilmiş və mayın 30-da start götürmüş cüdo üzrə Avropa Kubokuna bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, Azərbaycan millisi bu yarışı 5 medalla başa vurub.
Yarışın ilk günündə Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.
Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millimizin üzvləri yarışın son günündə daha 4 medal qazanıblar.
-90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib. Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub.
Roman Qarayev (-81 kq), Aslan Kotsoyev (-90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.
Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan cüdo üzrə Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.


