Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Sassuolo” klubu əsas komandanın baş məşqçisi Fabio Qrosso ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Fabio Qrosso 2024-cü ilin iyun ayından bəri “Sassuolo”da çalışırdı. Onun rəhbərliyi altında komanda yenidən İtaliyanın yüksək divizionuna qayıtmağı bacarmışdı. Geridə qalmış mövsümdə isə komanda turnir cədvəlini 49 xalla 11-ci pillədə tamamlayıb. Sözügedən kollektiv 38 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.
“Sassuolo” Qrossonun rəhbərliyi altında bütövlükdə 81 oyun keçirib, 42 qələbə, 14 heç-heçə və 25 məğlubiyyət görüb.
Qrosso daha öncə “Bari”, “Verona”, “Breşiya”, “Sion”, “Frozinone” və “Olimpik” (Lion) komandalarını da çalışdırıb.


