Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Vanya Yankoviç olub.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv bu görüşdə istədiyi nəticəni qazana bilməyib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin heyətində 74-cü dəqiqədə Xanım Əsədova fərqlənib.
Xatırladaq ki, yığmamız Macarıstana səfərdə də 0:1 hesabı ilə uduzmuşdu. Azərbaycan millisi daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi hazırda bu qrupda 9 xalla 2-ci pillədə qərarlaşıb. Macarıstan yığması isə 13 xalla qrup lideridir. Şimali Makedoniya yığmasının 3, Andorra seçməsinin 1 xalı var.
DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
5 iyun
Azərbaycan – Macarıstan 1:2
Hakimlər: Vanya Yankoviç, Staşa Şpur, Helena Buh, Aleksandra Çesen
(Hamısı Sloveniya).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


