Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərov Macarıstana qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Sumqayıtda baş tutmuş görüşdə millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb.
Siyasət Əsgərov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. Təəssüf ki, ilk hissədə səhv buraxdıq və rəqib fərqləndi. İkinci hissəyə daha yaxşı başladıq. Belə rəqibə qarşı səhv buraxsan, əlbəttə, cəzalandırılacaqsan. Buna baxmayaraq, yaxşı çıxış etdik. Qızlara təşəkkür edirəm. Oyunun gedişində bəzi dəyişiklik etdik. Yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Amma rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yaranır. Topu qısa ötürmələrlə cinahlara çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxırdılar. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Ondan sonra uzun ötürmələrlə oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi. İkinci hissədə isə qısa ötürmələrlə çıxış etdik, bu da oyunçularda yaxşı alındı və qol da vurduq”.
Xatırladaq ki, C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin, Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığmamız Macarıstana səfərdə də 0:1 hesabı ilə uduzmuşdu.


