Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində baş tutacaq bu oyun Gürcüstandan olan hakimlər briqadasına tapşırılıb. C Liqasının 3-cü qrupunun oyununu Teona Sturua idarə edəcək. Bitola şəhərində keçiriləcək qarşılaşmada ona yan xətt hakimləri Elene Eloşvili və Sopo Tsuluya kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Tamta Şengeliya yerinə yetirəcək.
Qeyd edək ki, “Petar Miloşevski” stadionunda keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyununa sabah Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, yığmamız bu qrupda Macarıstana səfərdə 0:1, evdə 1:2 hesabı ilə uduzub. Millimiz evdə və səfərdə Andorranı (3:1, 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib.
Azərbaycan millisi hazırda bu qrupda 9 xalla 2-ci pillədə qərarlaşıb. Macarıstan yığması 13 xalla qrup lideridir. Şimali Makedoniya yığmasının 6, Andorra seçməsinin 1 xalı var.


