Noyer dünya çempionatlarında qapıçılar arasında rekordçu oldu

Almaniya millisinin üzvü Manuel Noyer futbol üzrə dünya çempionatları tarixində qapıçılar arasında ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Kot-d’İvuar yığmasına qarşı keçirilən matçda meydana çıxmaqla mundiallardakı oyun sayını 21-ə çatdırıb.

Bununla da o, indiyədək bu göstəricidə rekordun sahibi olan Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisi geridə qoyub.

Qeyd edək ki, Noyer 2011-ci ildən Almaniyanın “Bayern” klubunun formasını geyinir. O, Münhen təmsilçisinin heyətində 13 dəfə Almaniya çempionu olub, 7 dəfə ölkə Super Kubokunu, 6 dəfə Almaniya Kubokunu qazanıb. Təcrübəli qapıçı həmçinin iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Manuel Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu adına yiyələnib, 2010-cu il mundialında isə bürünc medal qazanıb.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: