İsveçrə millisinin baş məşqçisi Murat Yakın dünya çempionatının qrup mərhələsinin son turunda Kanada yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutmuş bu oyunda İsveçrə yığması 2:1 hesablı qələbəyə sevinib.
Murat Yakın matçdan sonra jurnalistlərə açıqlamasında komandasının ikinci hissəyə çox yaxşı başladığını vurğulayıb:
“İkinci hissəyə əla başladıq və iki qol vurduq. Daha sonra rəqib hücumameyilli oyunçuları meydana buraxaraq bir topun əvəzini çıxdı və bu, işimizi çətinləşdirdi. Biz top itkilərinə çox asan yol verdik və bununla da rəqibə geri dönüş ümidi verdik. Lakin sonda qələbəni qoruyub saxlaya bildik və ən vacib olan da budur. Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşdığımız anın həzzini çıxara bilərik”.
Yakın növbəti mərhələdəki rəqiblərini gözlədiklərini və sıx təqvimdə istirahətin böyük əhəmiyyət daşıdığını da qeyd edib:
“İndi əvvəlcə gözləməliyik və rəqibimizin kim olacağını görməliyik. Belə böyük məsafələrdə iki-üç günlük istirahət, şübhəsiz ki, çox vacibdir”.
Kanada yığmasının baş məşqçisi Cessi Marş isə məğlubiyyətə baxmayaraq, komandasının xarakter nümayiş etdirdiyini bildirib. Amerikalı mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını vurğulayıb:
“Komandamızın xarakterə malik olduğunu bilirəm. İstənilən anda maksimum gücünü ortaya qoyan futbolçularımız var. Sadəcə xırda detallara daha çox diqqət yetirməliyik. Oyunun əvvəlində tərəddüdlü və kifayət qədər aqressiv deyildik. Amma mən müsbət məqamlara və komandanın reaksiyasına fokuslanacağam”.
Marş fasilədə taktiki dəyişikliklər etməyə çalışdıqlarını da söyləyib:
“Fasilədə bütün boş zonaları bağlamağı düşünürdüm və istərdim ki, bunu bacaraq. Biz sadəcə Kanadada nümayiş etdirdiyimiz enerjini qorumaq istəyirdik. Məyusluq da məhz bundandır. Lakin biz Los-Ancelesə yollanırıq və hələ də ölkəmizi ruhlandırmaq istəyirik. Hazırda olmaq istədiyimiz yerdəyik – pley-offdayıq”.


