Nagelsman Ekvadora məğlubiyyətin səbəblərini açıqladı

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Ekvadora qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Ekvadorun 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Nagelsman matçdan sonra bildirib ki, erkən qoldan sonra futbolçular intizamı itirib və həddindən artıq improvizasiyaya üstünlük veriblər:

“Yaxşı başlanğıcdan və erkən qoldan sonra daha intizamlı oynaya biləcəyimizi anlamalıyıq. Futbolçular mövqelərini çox tez-tez və xaotik şəkildə dəyişməməlidirlər. Oyunumuzda həddindən artıq improvizasiya var idi. Sadəcə daha səbirli olmalı və meydandakı strukturumuzu qorumalıyıq. Bunun üzərinə top itkilərinin çoxluğunu da əlavə etsək, bu, müəyyən məqamda problemə çevrilir”, – deyə Nagelsman bildirib.

Almaniya yığması qrup mərhələsini məğlubiyyətlə başa vursa da, əvvəlki iki turda topladığı xallar sayəsində pley-offa vəsiqə qazanıb.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə Almaniya üzərində qazanılan tarixi qələbədən sonra sevincini gizlətməyib. Argentinalı mütəxəssis uğurun ilk növbədə ölkə xalqına məxsus olduğunu vurğulayıb:

“Bu qələbə mənim üçün deyil, insanlar üçündür. Futbolçular bütün xalqa böyük sevinc bəxş etdilər. Biz bu anın həzzini çıxarmalı və onu qeyd etməliyik”, – deyə Bekkasese söyləyib.

Qeyd edək ki, Ekvador millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək qrup mərhələsini uğurla başa vurub və mundialın əsas sensasiyalarından birinə imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: