Tomas Tuxel: “Hər kəs üzərinə düşəni yerinə yetirdi”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın qrup mərhələsinin son turunda Panamaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirib.

Bu nəticə ilə ingilislər qrupu lider kimi başa vuraraq 1/16 finala yüksəlib.

“Etməli olduğumuz işi gördük. Gözlədiyimiz kimi, güclü rəqibə qarşı tapşırığın öhdəsindən gəldik. Panama ilə oyunda bu qədər qol epizodu yaradan yeganə komanda biz olduq. Hər kəs üzərinə düşəni yerinə yetirdi və Cud Bellingem bu qələbədə əsas rol oynadı.

Hələ üzərində işləməli olduğumuz məqamlar var. Aqressiv oyun üslubumuz çoxsaylı detallara diqqət yetirməyi tələb edir. Amma indi turnir yenidən başlayır, çünki qarşıda pley-off mərhələsi var. Bütün gücümüzü və enerjimizi səfərbər edəcəyik, mövcud potensialımıza güvənəcəyik. Daha da inkişaf edəcəyik. Oyunların əhəmiyyəti artdıqca, biz adətən daha yaxşı çıxış edirik”, – deyə Tomas Tuxel bildirib.

Panama millisinin baş məşqçisi Tomas Kristiansen isə komandasının nəticələrə baxmayaraq, dünya çempionatında layiqli çıxış etdiyini vurğulayıb:

“Biz qürur duya bilərik. Nəticələrlə yox, çünki heç kim məğlubiyyətlə fəxr edə bilməz. Amma ümumi mənzərəyə baxsaq, futbolçularımız sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular.

Düşünürəm ki, bütün dünya Panamanın dünya çempionatında kifayət qədər layiqli təsir bağışladığını gördü”, – deyə Kristiansen qeyd edib.

Qeyd edək ki, Panama millisi qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olub və turniri qol vurmadan başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: