Cessi Marş futbolçularını “Kanada qəhrəmanı” adlandırdı

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının 1/16 finalında Cənubi Afrika Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra futbolçularını “kanadalı qəhrəmanlar” adlandırıb.

Mütəxəssis 1/16 final mərhələsində əldə olunan uğurun asan başa gəlmədiyini vurğulayıb:

“Bilirdik ki, rəqib açıq futbol oynamağı sevir və keçid mərhələlərində onlara qarşı oynamaq çətin olacaq. Oyunun strukturunu qorumağa çalışdıq, tempi artırmaq və dəyişikliklərlə daha da güclənmək istəyirdik. Matç ərzində şanslarımız oldu, amma kifayət qədər təhlükəli deyildik. Sonra top Eustakionun önünə düşdü və mən sadəcə onun qapıya dəqiq zərbə vuracağına ümid edirdim. O isə qol vurdu. Futbolçuların bu qələbə üçün nə qədər güc sərf etdiyini düşünməmək mümkün deyil. Oyundan sonra onlara dedim ki, artıq onlar Kanadanın qəhrəmanlarıdır”.

Cessi Marş həmçinin komandanın liderlərindən Alfonso Devisin əhəmiyyətini xüsusi qeyd edib:

“Mən həmişə demişəm ki, Alfonso təkcə güclü futbolçu deyil, həm də komandanın ruhunu yüksəldə bilir. Rəqiblər onun meydanda olmasına görə narahatlıq keçirirlər. İndi onun fiziki durumunu daha da yaxşılaşdırmaq və növbəti matçda daha çox oynatmaq imkanımız olacaq”.

Kanada millisinin baş məşqçisi növbəti mərhələdə qarşılaşacaqları rəqibi izləmək üçün Niderland – Mərakeş oyununa yollanacağını da bildirib.

Cənubi Afrika Respublikasının baş məşqçisi Hüqo Bros isə məğlubiyyətə baxmayaraq, komandasının turniri başıuca tərk etdiyini deyib.

“Matçın bitməsinə cəmi iki-üç dəqiqə qalmış qol buraxdıq və bu, oyunun həlledici anı oldu. Açığını desəm, Kanada bizdən daha sürətli və fiziki cəhətdən daha güclü idi. Məhz bu sahələrdə inkişaf etməliyik. Müasir futbol artıq təkcə baxımlı oyun deyil, həm də güc və sürət tələb edir”, – deyə belçikalı mütəxəssis bildirib.

Bros futbolçularının sonadək mübarizə apardığını vurğulayıb:

“Futbolçular əllərindən gələni etdilər və son fitədək döyüşdülər. Oyunun sonunda bəzilərinin artıq gücü qalmamışdı. Bu isə onların meydanda yüz faizlərini qoyduğunu göstərir. Turniri tərk etsək də, bunu başımız uca şəkildə edirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: