2026/2027-ci illər mövsümündə yenidən İtaliya A Seriyasında mübarizə aparmaq hüququ qazanmış “Montsa”nın yeni baş məşqçisi müəyyənləşib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.
Komandanı bundan sonra xorvatiyalı mütəxəssis İvan Yuriç çalışdıracaq. 50 yaşlı baş məşqçi vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.
Yuriç bu postda qarşılıqlı razılıq əsasında komandadan ayrılmış Paolo Byankonu əvəzləyib. Halbuki, sözügedən komanda məhz Byankonun rəhbərliyi altında bir illik fasilədən sonra yenidən İtaliya A Seriyasına qayıtmışdı.
Xatırladaq ki, İvan Yuriç son olaraq “Atalanta”nı çalışdırıb. O, ötən yay Berqamo təmsilçisində “Roma”ya yollanmış Can Pyero Qasperinini əvəz etsə də, uğursuz nəticələr səbəbindən bir neçə ay sonra vəzifəsindən uzaqlaşdırılmışdı.
Xorvat mütəxəssis məşqçilik karyerası ərzində “Cenoa”, “Verona”, “Torino” və “Roma” kimi İtaliya klublarında, həmçinin İngiltərənin “Sauthempton” komandasında da işləyib.
Qeyd edək ki, “Monsa” ötən mövsüm pley-off mərhələsinin qalibi olaraq A Seriyasına vəsiqə qazanıb.


