Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Dördqat dünya çempionu Almaniya millisi 1/8 finala vəsiqə uğrunda Paraqvay yığması ilə qarşılaşıb. Foksboroda (Massaçusets, ABŞ) keçirilniş matçın əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla kifayətləniblər. Bu üzdən də mundialda ilk dəfə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişməyincə, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Paraqvay böyük sürprizə imza ataraq Almaniyanı mundialdan kənarlaşdırıb.
Paraqvay millisi 1/8 finalda Fransa – İsveç matçının qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə Kanada və Braziliya yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
30 iyun
Almaniya – Paraqvay 1:1 (penaltilər 3:4)
Qollar: Kay Haverts, 54 – Xulio Enkiso, 42.


