Aqirre: “Azarkeşlərlə bağımız əsas hərəkətverici qüvvəmizdir”

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xavyer Aqirre DÇ-2026-nın 1/16 finalında Ekvador yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Aqirre bu rəqib üzərində 2:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlmələrini azarkeşlərin dəstəyi ilə əlaqələndirib.

67 yaşlı mütəxəssis doğma meydanda əldə edilmiş uğurun onun karyerasındakı ən xüsusi qələbələrdən biri olduğunu bildirib:

“Azarkeşlərlə olan bu bağ bizim əsas hərəkətverici qüvvəmizdir. Karyeram ərzində çox böyük qələbələr qazanmışam, amma heç biri bugünkü ilə müqayisə oluna bilməz. Çünki bu qələbə doğma meydanda, öz xalqının qarşısında əldə olunub.

Həqiqətən ilk hissədə çox yaxşı oynadıq. İkinci yarıda topa nəzarət etməyi bacardıq. Gözəl atmosferə görə azarkeşlərə təşəkkür edirəm. Hər kəsin necə xoşbəxt olduğunu gördük. Fanatlarla komanda arasında bağın olduğuna əminəm. Bütün oyunçular bu qarşılaşmada çox qaçdılar. Bazar günü keçiriləcək növbəti matç Meksika millisinin tarixində və karyeramda ən vacib sınaq olacaq”.

Aqirre həmçinin rəqib Ekvador millisinin çıxışını yüksək qiymətləndirib. O, Cənubi Amerika seçmə mərhələsini ikinci pillədə başa vuran və 18 oyunda cəmi iki məğlubiyyət alan rəqibə hörmətini ifadə edib.

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese isə komandasının bu matçın ilk hissəsində rəqibdən geri qaldığını etiraf edib:

“İlk hissədə rəqibdən zəif oynadıq. Fasilədən sonra oyunu tarazlaşdırdıq, amma bizə əlavə güc verəcək qolu vura bilmədik. Bütün futbolçularımıza və ölkəmizə bu səyahətə görə minnətdaram. Sadəcə hər kəsə təşəkkür etmək istəyirəm”.

Baş məşqçi dünya çempionatının başa çatması ilə Ekvador millisi ilə müqaviləsinin də sona çatdığını açıqlayıb.

“Müqaviləm dünya çempionatının başa çatması ilə bitdi. Təəssüf ki, ölkə tarixində dünya çempionatındakı ən yaxşı nəticəni əldə edə bilmədik. Belə bir birlik nümayiş etdirən komanda ilə buna nail ola bilməmək çox ağrılıdır. İndi isə bu möhtəşəm ailə ilə vidalaşmalıyam”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: